Yeni Mercedes S-Class w223 2021

Mercedes-Benz S-Class şirkətin ən önəmli modelidir. Şirkət 135 illik avtomobil mühəndisliyindən qazandıqları bilikləri süni intellekt ilə birləşdirərək son S seriyasını ərsəyə gətirdilər. Təxminən 70 il öncə Mercedes-Benz, 220 modeli ilə bu seriyanın təməlini qoydu. 1951-də bazara çıxarılmasından bu yana, 4 milyondan artıq S-Seriyası Sedan dünya üzrə müştərilərə təslim edildi. "S-Seriyası" adı rəsmi olaraq 1972-də 116 seriyası ilə təqdim edildi.

Mercedes-Benz şirkəti indi biznes klas seriyasında rəqiblərinə nümunə olacaq yeniliklərlə dolu 2021 model w223 S-Class modelini təqdim etdi. Avtomobildə son versiya texnologiyalar olsa da, rəqibləri olan digər seriyalardan sonra çıxdığı üçün bəzi özəllikləri artıq bilinən idi. Misal üçün qəzadan öncə avtomobilin yan hissəsini qaldırması Audidən bizə tanışdır. Avtomobil Mercedes şirkətinə 2.1 milyard Euro-ya başa gələn yeni zavodda yığılır.

2021 S-Seriyasında elektrikli dönməyə sahib olan arxa təkərlər, qısa məsafədə daha tez dönməyiniz üçün 4.5 dərəcə dönə bilir. Gərək olduğu zaman bu dönmə dərəcəsi 10 dərəcəyə qədər arta bilir, nəticədə 2 metrə qədər geri dönmə məsafəsi azaldılmış olur. Modelin hətta Long versiyası belə 11 metr diametri olan ərazidə tam geriyə dönməni bacara bilir. Bu hissəyə qədər arxa təkərlər ön təkərlərin əksinə dönür. Ancaq sürət 60 km/s-dan çox olduqda avtomobilin sabitliyini artırmaq üçün arxa təkərlər ön təkərlərlə eyni istiqamətdə dönür. Bu özəlliklərinə görə siz özünüzü 5.2 metr uzunluğuna baxmayaraq, kompakt avtomobil idarə edirmiş kimi hiss edə bilərsiniz.

Avtomobil rəsmi olaraq təqdim edilmədən öncə kamuflyajlı fotolarda arxa fənərləri mənfi rəylərə səbəb olmuşdu. Şirkətin baş dizayneri Gorden Wagener-in başçılıq etdiyi dizayner heyyəti bunu tətbiq etməkdən çəkinmədi və arxa fənərlərin dizaynı üçbucaq şəkilli edildi. Bu dəyişikliyə baxmayaraq Yeni S-Class sələfi olan w222 modeldən cizgilərdə çox da fərqlənmir.

Avtomobilin ölçüləri əvvəlkinə nisbətən böyüyüb. Standart sedan versiyanın uzunluğu +94 mm artaraq 5210 mm oldu. Bu uzunluq sizə qısa gəlirsə xatırladaq ki, w221 seriya Long S-in uzunluğu 5230 mm idi. Bu da o deməkdir ki, 2021 standart S-Class, 2013 Long S-Class-dan sadəcə 20 mm qısadır.

2021 S-in Long versiyasının uzunluğu 5320 mm, təkər bazası isə 3216 mm-dir. Standart versiyada isə təkər bazası 3106 mm təşkil edir. Avtomobil əvvəlki gövdədən 9 mm daha hündür, 55 mm daha genişdir. Yəni yeni modelin eni 1954 mm, hündürlüyü isə 1503 mm-dir. Bu ölçülər avtomobilin baqajına da müsbət təsir etdi. 2021 S-in yük hissəsinin həcmi 20 L artaraq 550 L oldu.

Yeni gövdədə Mercedes tarixində ilk olan içəri girib-çıxa bilən qapı tutacaqları oldu. Yeni S-Class belə tutacaqlara sahib olan ilk Mercedes-Benz modelidir.

Xarici görkəmdə dəyişiklik olduğu kimi, interyerdə də əsaslı yeniliklər edildi. Əvvəlki versiyada ilk dəfə olaraq cihazlar paneli ilə multimedia paneli birləşdirilərək vahid monitor yaratmışdılar. Ancaq 2021 modeldə bu dizayn dəyişilərək yenidən multimedia paneli 12.3 dyümlük cihazlar panelindən ayrıldı.

27 ədəd düymənin yox edilməsinə səbəb olan mərkəzi konsolu tam əvəz edən 12.8 dyümlük sensor ekran vasitəsilə avtomobilin klimat kontrolunu, multimedia və əyləncə sistemlərini, avtomobilə aid kiçik tənzimləmələri dəyişdirib idarə etmək mümkündür. Bu yeni interyer tipinin 2021 S-Class-dan sonra çıxan digər alt kateqoriya Mercedeslərdə də tətbiq edilməsi gözlənilir.

2 zonalı klimat kontrol sistemi hava axınını tənzimləmək üçün ön hissədə 17, 4 zonalı klimat kontrol sistemi isə sadəcə arxa hissə üçün 20 mühərriyə sahibdir. Bu mühərriklərin köməyilə hava axını rahatlıqla ayaq, diz, baş və bütün salon üzrə sirkulyasiya edilə bilir. Əvvəlki gövdədə salon səssizliyi üçün tətbiq edilən izolyasiya onsuz da mükəmməl olsa da, yeni gövdədə bu daha üst səviyyəyə daşınaraq daha səssiz hala gətirilib.

Salonda əyləşən zaman "Hey Mercedes" səslənərək səsli köməkçi asistanı işə sala bilərsiniz. Buradan kontaktınızda olan şəxslərə ondan zəng etməsini, yolu göstərməsini və s. kimi köməklik göstərməsini tələb edə bilərsiniz. Bu səsli asistant arxa oturacaqlardan da kontrol edilə bilir. Tək səfər etdiyiniz zaman yuxunuz gəlsə "mən sıxıldım" səsli komandasını versəniz avtomobil sizə intellektual suallar verərək sual-cavab oyunu oynamağa başlayacaq.

5 fərqli variantda oturacaq təklif edən yeni arxa oturacaqlarda təkmilləşdirilmiş masaj sistemi, opsiyaya görə alına bilən boyun isidici funksiya və daha çox tənzimləmələri həyata keçirə bilmək mümkündür. Sərnişinin rahatlığı üçün oturacaqların hamısında yastıq və bel hissəsinin bədəninizin formasını tam alması üçün 19 ədəd elektriklə tənzimlənən mühərrik vardır. Salonda artıq 6 ədəd ekran var. Onlardan ikisi ön hissədə olan cihazlar paneli və multimedia ekranı, biri sürücü üçün yol və naviqasiya məlumatlarını ön şüşəyə əks etdirə bilən proyeksiya ekranı,digərləri isə arxadakı sərnişinlər üçün 2 ekran və dirsəklik hissəsində yerindən çıxıb taxıla bilən kiçik ekrandır. Sürücü üçün proyeksiya ekranı modelin daha bahalı versiyalarında təklif edilir.

İnteryerin işıqlandırılmasına artıq daha dəqiq fikir verilib. Nazik LED işıqlandırma artıq oturacaqların arxa hissəsindən ön panel və qapılarda birləşərək vahid işıqlandırılmış interyer yaradır. Bu işıqların rəngi salondakı temperatur dəyişməsinə uyğun olaraq rəng dəyişdirə bilir. Onların 1 xətt kimi aralıqsız görünməsi üçün hər bir blok 250 LED-dən ibarət hazırlanıb. Qapını açıb avtomobildən düşmək istədiyiniz zaman, avtomobilin yaxınlığından keçən velosiped və ya avtomobil olduqda bu LED işıqlar qırmızı rəngdə tez-tez yanıb sönərək sizi xəbərdar edir. Bunu sadəcə gecə yox, günün işıqlı vaxtlarında da görə bilməyiniz üçün LED parlaqlığını 10 dəfə artırmağınız kifayətdir.

Əsas dəyişiklərdən biri də faraların yeni "Digital Lights" texnologiyasıdır. Burada 3 ədəd güclü LED lampalardan istifadə olunur. Lampaların arxa hissəsində 1.3 milyon ədəd kiçik güzgülər var ki, bunlar da yol kənarında olan nişanların yola olduğu kimi əks olunmasını təmin edə bilir. Bundan əlavə olaraq hər zaman olduğu kimi qarşıdan gələn sürücünün gözlərini qamaşdırmır və ağıllı işıq sistemi yolun dumanlı olmasını da nəzərə alıb işığı buna uyğun tənzimləyir. Yəni bu S-Seriyasında duman fənərlərinə ehtiyac yoxdur.

Yeni gövdədə arxanı görmək üçün var olan yan güzgülərin kamera sistemi ilə əvəz olunması gözlənsə də bu baş vermədi. 2021 modeldə də əvvəlki qaydada yan güzgülər mövcud qaldı.

Bu modeldə standart olaraq adi pnevmatik asqı sistemi təklif edilsə də, əlavə ödəniş edərək 48 voltluq elektriklə işləyən, hər təkəri ayrı-ayrılıqda idarə etməyi bacaran "Hydropneumatic Active E-Body Control" ağıllı asqı sistemini əldə edə bilərsiniz.

Bu asqılara boş yerə "ağıllı" asqı sistemi deyilmir. Sistem, avtomobilin komfortu ilə yanaşı həm də sərnişinlərin təhlükəsizliyini təmin edə bilir. Belə ki, avtomobildə 360 dərəcə hər yeri görə bilən kameralar olduğu üçün yan hissədən sizin avtomobilə başqa avtomobilin dəyməsinə 1 saniyə qalmış, asqılar avtomobili 8 sm havaya qaldırır. Beləliklə hadisənin sərnişinlərə verdiyi şok dərəcəsi nisbətən aşağı salınmış olur.

Gövdənin küləyə qarşı müqavimətini aşağı salmaq üçün köklü şəkildə aerodinamik gücləndirməsi həyata keçirilib. Avtomobilin hündürlüyü artırılsa da, nəticədə onun müqavimət əmsalı 0.22-yə düşüb. Yeni S-Seriyası buna görə Lüks seriyada dünyanın ən aerodinamik avtomobillərindən biridir. Əvvəlki gövdədə bu göstərici 0.24 Cx təşkil edirdi.

w222 gövdədə "Final Edition" kimi limitli sayda istehsal edilən V12 versiyada şirkət artıq 12 silindirli mühərrikdən imtina edəcəyini qeyd etsə də, indi onun w223 ilə yenidən istehsal edəcəyini bildirib. V12 kimi güclü mühərriklər modelin yalnız Maybach və ağır gövdəyə sahib zirehli GUARD versiyalarında, həm də ilk dəfə olaraq 4 Matic tam ötürücü sistemi ilə istehsal ediləcək. Sonuncu bu cümlədən başa düşüldüyü kimi, S65 V12 modeli Coupe və Cabriolet bazada artıq istehsal edilməyəcək.

Modelin L6, V8 kimi güclü mühərrikləri ilə yanaşı, Çin kimi sərt ekologiya qaydaları olan ölkələrdə 4 silindirli mühərrikləri də satışa çıxacaq. Bunlarla yanaşı, elektrik ötürücüsü ilə 100 km-ə qədər məsafə vəd edən, yenidən doldurula bilən Plug-İn Hibrid versiyalı mühərrikləri də satışa çıxacaq. Qeyd edək ki, son 7 il ərzində S-Class seriyası 500.000+ ədəd istehsal edilmişdir.

Əvvəlki gövdəyə qədər müxtəlif mühərrik variantlarında avtomobillər həm arxa ötürücülü, həm də 4 matic kimi təklif edilirdisə, indi sadəcə S350 Dizel versiyada bu mümkündür. Yəni S350 dizel modeli həm arxa, həm də 4 matic kimi satış üçün təklif olunan yeganə versiyadır. S350 dizel versiya 2.9 Turbo-Dizel mühərriklə istehsal olunur və gücü 286 HP 600 Nm-dir.

Ardıcıl olaraq S450 benzin versiya 3.0 L Turbo 367 HP 500 Nm, S500 isə eyni 3.0 L həcmli mühərriklə 435 HP 520 Nm güc təklif edir. Benzin mühərrikli versiyalarda 48 Voltluq enerji ilə işləyən EQ Boost sistemi ilə təchiz edilirlər. Bu sistemlər benzin mühərrikə əlavə olaraq 22 HP 250 Nm güc verə bilir. Bütün modellər 9G-Tronic avtomatik transmissiya ilə istehsal olunacaq.

Комментарии

Пока нет ни одного отзыва. Оставьте отзыв первым
Только авторизованные пользователи могут оставлять комментарии Вход